METBUAT.AZ

Siyasət

Xankəndi, Ağdərə və Xocalı ilə bağlı tapşırıqlar verildi -

22 Aprel 2024 10:54

Hökumət Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyi Xidmətlə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Xidmətin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində onun nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatına dair təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


metbuat.az.