METBUAT.AZ

Siyasət

Xocalıda dəfn mərasimində iştirak edən Ayşən Fəxrəddinqızı:

1 Aprel 2024 14:53

Xəbər verdiyimiz kimi, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanıb.

Daha sonra şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfn mərasimi keçirilib. Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həmin dəfn mərasimində "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı da iştirak edib. Bu barədə Metbuat.az-a açıqlama verən Ayşən Fəxrəddinqızı bildirib ki, həmin anda keçirdiyi hissləri sözlə ifadə etməyə çətinlik çəkir:


“Mən dəfn mərasimində həm də Xocalıdan olan Şəhid Milli Qəhrəman Tofiq Hüseynovun ailə üzvü olaraq iştirak etdim. Tofiq Hüseynov Xocalıözünümüdafiətaborunun komandiri olub. O Xocalı Soyqırımı zamanı bir çox dinc sakini təhlükəsiz əraziyə çıxardıb, son nəfəsinə qədər döyüşüb. Sonda ermənilərə təslim olmamaq üçün əl qumbarasını partladaraq özünü şəhid, 10-a yaxın ermənini də məhv edib. Qeyd edim ki, soyqırım gecəsi Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova, anası Minəş, atası Mirsiyab, qardaşı Bakir itkin düşmüş və bu günə kimi onların taleyi haqqında bir məlumat yoxdur.

Mərasimdə Xocalı şəhidlərinin ailə üzvləri Xocalıda yaxınlarının qalıqlarının tapılaraq dəfn edilməsini tarixi hadisə, böyük təskinlik adlandırdılar. Onlar bildiriblər ki, məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün bunlara nail oldular”.

Ayşə Fəxrəddinqızı qeyd edib ki, bu gün Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuz və xalqımızın dövlət başçımızın ətrafında sıx birləşməsi sayəsində tarixi hadisələrə şahid oluruq:

“Biz çox xoşbəxtik ki, artıq azad Xocalımıza ayaq basırıq. İnanıram ki, tezliklə mənim övladlarımın gözü yollardan “yığılacaq”. Onların nənələri Məxmər Ələkbərovanın və bütün yaxınlarımızın nəşi də, tapılaraq doğma yurdları Xocalıda dəfn olunacaqlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.