METBUAT.AZ

İqtisadiyyat

“Yaşıl enerji”nin inkişafı qeyri-neft sektorunda əlavə dəyər yaradacaq” –

17 Aprel 2024 12:30

2024-cü ilin yanvar-fevral aylarında ölkədə 18 576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,8 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 824,1 manata bərabər olub.

Ölkədə qeyri-neft sektorunun inkişafı strategiyası barədə Metbuat.az-a müsahibə verən iqtisadçı Pərviz Heydərov bildirib ki, bu iqtisadiyyatın şaxələndirilməsi gələcək inkişafımız üçün yeganə çıxış yolu sayılır:

“Bu istiqamətdə həm hüquqi sahədə, həm də praktik baxımdan hökumət tərəfindən çox böyük işlər görülür, addımlar atılır. Söhbət, qanunvericilik bazasında təkmilləşdirmə və təşviq işlərindən gedir. Bu gün investorlar üçün çox böyük güzəştlər mövcuddur. Məsələn, texnoloji avadanlıqlar və qurğuların ölkəyə gətirilməsi, habelə gəlirlər ilə mənfəət 7 il müddətinə gömrük rüsumundan, 50 %-i də vergidən azad olunub. Digər güzəştlər də mövcuddur. Təbii ki, bütün bunlar öz nəticəsini göstərməkdədir. Qeyri-neft-qaz sektoru üzrə istehsal və ixrac artmaqdadır. Belə ki, ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz bu faktordur”.

Uzun müddətdir dünyada neft-qaz sektorunun aşağıya doğru düşdüyünü qeyd edən ekspert bildirib ki, hər rübdə və ildə nə artım baş verirsə bilavasitə qeyri-neft-qaz sektorunun hesabına baş verir:


“Lakin bu, kifayət deyil. Qənaətbəxş vəziyyət o vaxt əldə olunmuş sayılacaq ki, qeyd olunan sektor üzrə ixrac həcmimiz 50%-ə yaxınlaşsın. Hesab edirəm ki, mövcud şərtlər bir az da yumşaldılmalıdır. İqtisadiyyatın liberallaşdırılması siyasəti daha dərindən və geniş həyata keçirilməlidir. Çünki qeyri-neft-qaz sektorunun istənilən səviyyədə inkişafı vaxt tələb edən məsələdir. İqtisadiyyatda rəqabət imkanlarının genişləndirilməsini zəruri sayılır”.

Pərviz Heydərov düşünür ki, bu sahədə xarici investorların ölkəyə cəlbi mühim addım ola bilər:

“Bu istiqamətdə mövcud şəraitin və şərtlərin davamlı olaraq yumşaldılması, münbitləşdirilməsi, müvafiq dəstək və təşviq işlərinin davam etdirilməsi əsas vəzifə hesab olunur. Ümumiyyətlə, iqtisadiyyatda qeyri-neft-qaz sektorunun inkişafı üçün stimullaşdırıcı amillərin təşkili bir nömrəli vacib məsələ sayılır. Bu sahədə xarici investorların bütün mənafe və maraqları təmin olunmalıdır. İnhisarçılıq aradan götürülməlidir”.

Ölkəmizdə alternativ enerji sahəsinin bu sahədə yaxşı nümunələrdən olduğunu ifadə edən ekspert qeyd edib ki, gələcək bu addımsız mümkün deyil:

“İqtisadiyyatda qeyri-neft-qaz sektorunun inkişafı yaşıl enerjidən istifadəni genişləndirmədən mümkün deyil. Məsələn, biz Avropa qarşısında 2027-ci ilədək mavi yanacaq ixracımızı iki dəfəyədək artırmağı öhdəlik götürmüşük. Ancaq eyni zamanda qeyri-neft-qaz sektorunun inkişafını qarşıya məqsəd qoymuşuq. Bu isə o deməkdir ki, bizim də qaza ehtiyacımız artacaq.

Ümumiyyətlə, iqtisadiyyat artdıqca, əhalinin sayı çoxaldıqca enerjiyə tələbat da artır və artmaqda da davam etməlidir. Odur ki, yaşıl enerjidən istifadəni genişləndirməklə, ənənəvi enerji resurslarından bəhrələnmə səviyyəsini endirməliyik. Bu addımı atmalıyıq ki, Avropa qarşısında öhdəliklərimizi yerinə yetirə bilək, işığa və qaza olan tələbatımızı minimuma salaq. Və ən nəhayət, alternativ enerji mənbələrindən istifadənin özü elə qeyri-neft-qaz sektorununun inkişafı deməkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”mövzusu üzrə dərc olunub.



metbuat.az.