23 May 2024 10:43
"Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindəyəm".
Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, parlamentə təsadüfi insanlar gəlməməlidir:
"Parlament kifayət qədər ciddi yerdir. Ciddi siyasi proseslərin müzakirə olunduğu və qərar verildiyi məkandır. Təsadüfi adamların parlamentə gəlməsi yolverilməzdir. Parlamentə kifayət qədər həyat təcrübəsi olan, milli maraqlarımıza sədaqət nümayiş etdirən peşəkarlar gəlməlidir. Bura siyasətçilər, iqtisadçılar, sənətşünaslar daxil ola bilər".
Deputat onu da qeyd edib ki, yaşlı insanların parlament seçkilərində iştirakı və seçilməsi çox qabardılır:
"Qadağan etmək olmaz ki, kiminsə 70, 75, 80 yaşı varsa, seçkilərdə iştirak etməsin. Bu, doğru deyil. İlk növbədə bu, həmin insanın hüquqlarının pozulması deməkdir. Nəzərə alaq ki, Azərbaycan Konstitusiyasında yaş həddini müəyyənləşdirən məhdudlaşdırıcı maddə yoxdur. Ona görə də, bütün yaş həddində olan vətəndaşlarımız seçkilərdə iştirak edə bilər".
Xatırladaq ki, Azərbaycanda bu ilin sonunda növbədənkənar parlament seçkilərinin olacağı gözlənilir.
Seyranə Quliyeva / Metbuat.az