7 May 2024 11:18
"Mayın 10-da keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh sazişinin mətninə son düzəlişlər müzakirə edilə bilər. Çünki indiyə qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı düzəliş və əlavələr edilərək, məktublaşma prosesi baş verib. Bakı öz düzəliş və əlavələrini edərək İrəvana göndərib. İrəvan da eyni zamanda öz düzəliş və əlavələrini edərək Bakıya göndərib".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib. O bildirib ki, tərəflərə artıq bir-birinin mövqeyi bəllidir:
"Bunun fonunda nazirlər sülh sazişinin mətni ilə bağlı son müzakirələri aparacaqlar. Tərəflər arasında ciddiyyətli mövqelərin nələr olduğu bəllidir. Sərhədin delimitasiyasının hansı prinsiplə bağlı aparılması haqda hələ də ortaq mövqe yoxdur. Qazaxın 4 kəndinin azad edilməsi prosesində, Qazax-Tavuş sərhədinin delimitasiyasında ortaq mövqe tapılsa da, sərhədin digər hissələrində bununla bağlı fikir ayrılığı var.
Politoloqun özlərinə görə, eyni zamanda kommunikasiyanın hansı prinsiplə açılması məsələsində də fikir ayrılığı var:
"Bu kontekstdə nazirlərin görüşünün həmin fikir ayrılıqlarının tam aradan qaldırılması ilə nəticələnməyini demək çətindir. Çünki sərhəd məsələsi uzunmüddətli prosesdir. O cümlədən kommunikasiyanın açılması məsələsində tək Azərbaycan və Ermənistanın maraqları yox, həm də geosiyasi maraqlar var. Lakin, nazirlərin görüşü sülh sazişinə dair niyyət protokolunun imzalanması və yaxud protokolun müzakirəsi baxımından irəliləyiş əldə edə bilər. Azərbaycan və Ermənistan arasında qarşıdakı dövrdə ilkin sülh sazişini yox, niyyət protokolu imzalana bilər. Bu da böyük bir irəlliləyişdir".
Qeyd edək ki, mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Seyranə Quliyeva / Metbuat.az