METBUAT.AZ

Sosial

AA

17 May 2024 14:46

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində şəhid İlqar Zülfiqarovun adını daşıyan küçə bərbad vəziyyətdədir.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə sakinlər bildiriblər. Məlumata görə, küçə 5 ildir bu vəziyyətdədir:

"2019-cu ildə Mehriban Əliyevanın təşəbbüsü ilə yollarımıza asfalt örtüyü çəkildi. Çox səliqəli idi. Amma hal-hazırda küçələr bərbad vəziyyətdədir. Həmin yollar indi yararsız hala düşüb. Kanalizasiya sistemi olmadığına görə, sular küçəyə axır. Bütün həyətlər demək olar ki, su altında qalır. Çox xahiş edirik, kəndimizə kanalizasiya sistemi çəkilsin. Bu kənddə kanalizasiya sistemi yoxdur. Bunun nəticəsində yollarda çox bərbad vəziyyətə qalır".

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, qurum öz hesabına müəyyən tədbirlər görsə də, şəbəkənin qurulmasını "Azərsu" ASC reallaşdırır:

"Məlumat üçün bildiririk ki, Kürdəxanı qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından qəsəbənin bir neçə küçələrində, o cümlədən İlqar Zülfüqarov küçəsində intensiv yağıntılar zamanı yığılan suların kənarlaşdırılmasında çətinliklər yaranır. Bununla bağlı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həmin küçələrdən su tutarı olan avtomobillər vasitəsilə mütəmadi olaraq yığılan sular kənarlaşdırılır. Yolun təmir olunması ilə əlaqədar tərəfimizdən aidiyyatlı qurumlara müraciət olunacaq.

Eyni zamanda onu da nəzərinizə çatdırırıq ki, sözügedən şəbəkənin qurulması 'Azərsu' ASC tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir".

Seyranə Quliyeva / Metbuat.az



metbuat.az.