METBUAT.AZ

Sosial

AAA

3 May 2024 17:12

"May ayından başlayaraq avqust ayının sonuna qədər fərdi həyət evləri, torpaq sahələri və bağ evlərinə təlabat artır. Təbii ki, həmin mövsüm müştəri çoxluğu olduğuna, tələbat artdığına görə, qiymətlərdə də müəyyən dərəcə artımlar müşahidə olunur".

Bunu Metbuat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, bu il ötən illərə nisbətən fərdi həyət evlərinin satışı daha çoxdur:

"Bəziləri öz evlərini satır, bir qism şəxslər isə torpaq alıb, ev tikib satırlar. Onlar da digər aylarda alıb tikirlər, mövsüm yaxınlaşdıqca artıq hazır vəziyətdə satışa çıxardırlar. Təbii ki, tələbat artdıqca qiymətlərdə də artım müşahidə olunur. Bakı və Abşeron ərazilərində artıq fərdi həyət evləri, bağ evləri üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Satışda olan torpaq sahələrinin qiymətlərində ciddi artımlar var".

Ekspert onu da vurğulayıb ki, sənədsiz və sədəni olan evlərin qiymətlərində fərqlər mövcuddur:

"Sənədsiz evlərin satış qiymətləri ortalama 20-25 min manatdan başlayaraq, 70-80 min manata qədər dəyişə bilir. Çıxarışlı evlərdə isə qiymətlər daha bahadır. Mövsüm yeni başlayır deyə, qısa müddət sonra əmlak bazarında müştəri bolluğu müşahidə olunacaq. Təbii ki, müştəri bolluğu iqtisadi cəhətdən ölkə üçün çox səmərəlidir. Lakin, alıcıların artıq böyük bir qismi çıxarışlı əmlaklara üstünlük verirlər".

Elnur Fərzəliyev son olaraq deyib ki, bəzi ərazilərdə yaşayış massivləri sıx formada tikilib, orada sıx tıxaclar müşahidə olunur. Tıxaclar səbəbindən də vətəndaşlar öz əmlaklarını satıb daha rahat əraziyə köçməyə üstünlük verirlər.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.