METBUAT.AZ

Hadisə

AAA

10 May 2024 08:55

Sumqayıtda yeddi yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olan idman müəllimi Mehman Xəlilovla bağlı bəzi təfərrüat məlum olub.

Belə ki, Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub. İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.

Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib. Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib.

Mehman da öz növbəsində ona istədiyi “metamfetamin”in əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib.

Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan yeddi yaşlı Fəridi qəsdən öldürüb. Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb.

Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb. Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib.

Mehman isə buna etiraz edib. İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub. Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib.

Lakin həmin gün məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb. Belə ki, həmin gün Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib. Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb. Uşaqlar zala daxil olan kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamaqla əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.

Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxa bilsə də, bir qədər sonra ayağa dura bilməyib. Qardaşı ifadəsi zamanı daha sonra qeyd edib ki, idmançı azyaşlıya “yenə də anana gəlmirəm deyəcəksən?” sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndləri tətbiq etməkdə davam edib.

Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunan tibbi müayinə protokolundan da görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkarlanıb.

Tədqiq edilən bütün halları nəzərə alan məhkəmə Mehman Xəlilovu 19 il azadlıqdan məhrum edib.

Daha ətraflı Baku TV-nin süjetində:



metbuat.az.