METBUAT.AZ

İdman

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirildi

14 May 2024 00:12

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Metbuat.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasa sədrlik edən AFFA prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən danışıb.

İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA-nın gələcək illər üzrə inkişaf strategiyasının hazırlanmasının vacibliyi vurğulanaraq, əsas hədəflər müəyyənləşdirilib.

Bu xüsusda strategiyanın əsas hədəfləri peşəkar və uşaq futbolunun infrastrukturunun təkmilləşdirilməsi, futbola marağın və kütləviliyin artırılması, müxtəlif sahələr üzrə futbol mütəxəssislərinin inkişaf etdirilməsi, regionlarda futbolun və uşaq futbolunun inkişafının dəstəklənməsi, maliyyə məsələlərinin həlli və inklüzivliyin təmini istiqamətlərini əhatə edir. Müəyyən edilmiş hədəflər üzrə strategiyanın hazırlanması üçün sahə üzrə xarici şirkətlərin və mütəxəssislərin təcrübələrindən faydalanmaq imkanları nəzərdən keçirilib.

Sonra iclasda Azərbaycan Premyer Liqasında komanda sayının artırılması məsələsi müzakirəyə çıxarılıb. Toplantıda idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

Hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayaraq, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə klubların sayının mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

İcraiyyə Komitəsində qərara alınıb ki, akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA bir ay ərzində bu istiqamətdə bölgə təmsilçisi ilə intensiv işləyəcək və İcraiyyə Komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.

İcraiyyə Komitəsi həmçinin Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitini müzakirə edib. Hazırkı "7+4" limitinin qüvvədə qalması qərara alınıb. 2025/2026 mövsümündə legioner limiti "8+3" olacaq. 2026/2027 mövsümündən öncə isə qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq legioner limitinə bir daha baxılacaq.

2024-cü il üçün AFFA-nın büdcəsinə dair məsələlər də müzakirə edilib. İcraiyyə Komitəsinin üzvləri müvafiq qeydlərini və fikirlərini bildiriblər. Növbəti iclasa qədər müvafiq düzəlişlər edilərək, təsdiq üçün təqdim olunması qərara alınıb.


metbuat.az.