10 May 2024 16:56
“Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib. Biz daha da irəli gedə və regionda bütün nəqliyyat kommunikasiyalarını aça bilərik".
Metbuat.az xəbər verir ki, bunu Almatıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Öz növbəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da qazaxıstanlı həmkarı Murat Nurtleu ilə bugünkü görüşdə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inamın ifadə edib.
Almatı görüşü barədə Metbuat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Qazaxıstan burada vasitəçi kimi çıxış etməsə də, əsas məqsədi sülh təşəbbüslərinin daha da genişləndirilməsidir:
“Ümid edirəm ki, bu görüşün nəticələri tərəfləri qane edib, vasitəçilər olmadan nəticəyə yönəlmiş etimadın gücləndirilməsinə xidmət edəcəkdir. Hətta bu görüşlərin daha da genişləndirilməsi və davamlı olması, eləcə də liderlər səviyyəsində keçirilməsi də mümkündür. Qazaxıstan platformasının inkişafı öz maraqlarını güdən, eləcə də vasitəçi donunda regiona girməyə çalışan qüvvələrə də mesaj vermiş olacaq”.
Politoloq qeyd edib ki, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını Azərbaycan və Ermənistan birgə formalaşdırmaqla sülhün dayanıqlığını təmin edə bilər.
“Əgər Ermənistan burada əlaltı iştirak etməyib, ayrı-ayrı güc mərkəzlərinin regionda ruporu olmasa, müstəqil dövlət kimi özünü göstərə bilərsə qarşılıqlı etimad mühiti formalaşa bilər”.
Gülbəniz Hüseynli / Metbuat.az