3 May 2024 19:05
Azərbaycan İtaliya ilə kino sahəsində əməkdaşlıqda maraqlıdır.
Metbuat.az-ın məlumatına görə, bu barədə mədəniyyət naziri Adil Kərimli mayın 3-də İtaliya Deputatlar Palatasının vitse-prezidenti ilə görüşdə bildirib.
Qeyd olunub ki, Azərbaycan dövləti İtaliya ilə əməkdaşlığa önəm verir:
"Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr ildən-ilə möhkəmlənir. Azərbaycan tərəfi İtaliya ilə kino sahəsində əməkdaşlıqda da maraqlıdır".
C.Mulen isə Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu, iki ölkə arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini söyləyib:
"İki ölkə arasında ali təhsil sahəsində də yaxşı əlaqələr qurulub. ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi bunun parlaq təzahürüdür. İtaliyanın tərəfdaş ali təhsil ocaqlarının professorları ADA Universitetində mütəmadi mühazirələr oxuyurlar".
Görüşdə həmçinin iki ölkə teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.