22 May 2024 11:24
Azərbaycan media məkanı və media mühiti barədə aydın təsəvvür formalaşdıran məlumat bazası formalaşdırılacaq. Media mühitini təsvir edən bütün informasiyaların vahid mənbədə toplanılması imkan yaradacaq ki, Azərbaycan media mühiti barədə detallı və obyektiv bilgi əldə etmək istəyənlər bir mənəbəyə daxil olmaqla axtardıqları bütün informasiyaları əldə edə bilsinlər.
Metbuat.az xəbər verir ki, fəaliyyəti Azərbaycan Mətbuat Şurası tərəfindən icra olunan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihə çərçivəsində həyata keçiriləcək. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihə üzrə fəaliyyət proqramına uyğun olaraq, məlumat bazasında:
- Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən bütün qanunların mətni və internet keçid linkləri;
- Etik standartları müəyyən edən milli və beynəlxalq sənədlərin mətni və keçid linkləri;
- Fəaliyyətdə olan media subyektlərinin adları və keçid linkləri;
- Media məkanında gender balansının durumu barədə statistik göstəricilər - və sair bu kimi məlumatlar toplanılaraq təqdim ediləcək.
Qeyd edilən materiallar Azərbaycan Mətbuat Şurasının veb səhifəsində yaradılacaq “Azərbaycan media lanşaftı” adlı xüsusi kateqoriyada yerləşdiriləcək, həm Azərbaycan dilində, həm də ingilis dilində təqdim ediləcək.
Layihə çərçivəsində Azərbaycan media mühitinin müzakirəsinə həsr edilmiş konfransların keçirilməsi də planlaşdırılıb. Konfranslarda ölkənin tanınmış, ictimai rəyə təsir göstərən media vasitələrinin təmsilçilərinin iştirakı ilə müzakirələr təşkil olunacaq, layihə çərçivəsində görülmüş işlərə nəzər salınacaq. Tədbirlər vasitəsi ilə, həmçinin, layihə üzrə qoyulan problemin aradan qaldırılması üçün media səfərbərliyinin təmin olunması nəzərdə tutulur.