2 May 2024 15:37
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər nəzarətdə saxlamaq üçün delimitasiya prosesinin tez aparılmalı olduğunu vurğulayıb.
Paşinyan bildirib ki, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımı sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.
"Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən prosesin əsas prinsipi kimi qəbul edilib. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar".
Məsələyə münasibət bildirən millət vəkili Azər Badamov Metbuat.az-a deyib ki, Azərbaycanla Ermənistan arasında sərhıədlərin delimitasiya prosesinə başlanması və davam etdirilməsi regiona sülhün və əməkdaşlığın gəlişini sürətləndirir:
“Bizim 4 kəndimizin qaytarılması Azərbaycanın tələbi idi və bu, həyata keçir. Qalan 4 kəndimizlə bağlı məsələ də delimitasiya prosesi çərçivəsində qarşılıqlı razılaşma ilə həll olunacaqdır. Yəni, ərazilərimizdən bir qarış belə Ermənistana heç vaxt güzəşt olunmayacaq. Proseslərin sürətlənməsi göstərir ki, sülh müqaviləsi ilə bağlı bir sənədin yaxın zamanlarda imzalanması gözləniləndir”.
Deputat qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra dövlətlər arasında münasibətlərin formalaşdırılması prosesi başlanacaq:
“Bu, həm diplomatik əlaqələrin yaradılması, parlament səvviyyəsində münasibətlərin formalaşdırılması və iqtisadi əlaqələrin qurulması ilə davam etdiriləcəkdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir. Bu gün ölkələrimiz arasında qalmış fikir ayrılığı yaradan bir neçə məsələ də ölkələr arası münasibətlər formalaşandan sonra öz həllini tapa bilər”.
Azər Badamov hesab edir ki, Azərbaycanla sülhə imza atılması Ermənistana böyük imkanlar yaradır:
“Azərbaycan birmənalı şəkildə sülhü və əməkdaşlığı dəstəkləyir. Qonşu ölkələr arasında düşmənçilik əbədi davam edə bilməz. Müqavilənin imzalandığı ilk vaxt keçid dövrü olacağından bir müddət ərzində müəyyən çətinliklər yaratsa da, gələcəkdə qonşu kimi birgə yaşamaqdan başqa yol yoxdur. Sülh müqaviləsinin imzalanması məhz buna görə lazımdır”.
Gülbəniz Hüseynli / Metbuat.az