METBUAT.AZ

Mədəniyyət

Bakıda 8 milyon dollarlıq festival keçiriləcək

21 May 2024 21:19

Xalq artisti Emin Ağalarov Bakıda keçiriləcək "Dream Fest” beynəlxalq musiqi festivalı ilə əlaqədar mətbuat konfransı keçirib.

Metbuat.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı jurnalistlərin suallarını cavablandırıb.

Ağalarov qeyd edib ki, bu festivalın xərcləri "Jara”dakını üstələyəcək:

"Altıgünlük festival üçün təxminən 7-8 milyon dollar xərclənəcək. Çünki çıxış edəcək artistlər bütün dünyadan olacaq. Siyahılarımız hər həftə yenilənir”.

O əlavə edib ki, hazırda Enriki İqlesias, Cennifer Lopez və Riki Martin kimi dünya ulduzları ilə danışıqlar aparılır:

"Hələ dəqiq cavab almamışıq. Onların məhz bu yay olacaq festivalda iştirak edib-etməyəcəyi bəlli deyil. Ümid edirəm, üçündən biri təsdiqlənər”.

E. Ağalarov bu ilin martında Moskvada "Crocus Hall”da baş vermiş terror aktı zamanı Müslüm Maqomayev muzeyinə zərər dəyməməsi barədə də danışıb: "Çox böyük faciədir. Təəccüblüdür ki, muzeyə zərər dəyməyib. Onun hara köçürüləcəyi ilə bağlı yekun qərar yoxdur”.

Qeyd edək ki, "Dream Fest” 23-28 iyul tarixlərində keçiriləcək. Festivalda bir çox dünya ulduzları ilə yanaşı Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Tünzalə Ağayeva və Röya Ayxan da çıxış edəcəklər.


metbuat.az.