30 May 2024 19:24
Bakı Dövlət Universitetində (BDU) tanınmış alim, şair, professor Mahirə Nağıqızının tələbələrlə görüşü keçirilib.
Metbuat.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev Mahirə Nağıqızının gözəl pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı, zəhmətkeş alim olduğunu qeyd edib. O bildirib ki, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Mahirə Hüseynova alim kimi ana dilimizin tədqiqi sahəsində qiymətli əsərlər ərsəyə gətirib: “Çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan Mahirə xanım öz sözləri ilə desək, “öyrədənlərin öyrədənidir”. Mahirə xanım Azərbaycan elminin inkişafına xidmət edən sanballı alimlərdən biridir. Onun dilçilik sahəsində apardığı tədqiqatlar, çap etdirdiyi əsərlər mühüm yenilikləri ilə səciyyəvidir. Alimin müxtəlif mövzuları əhatə edən 30-dək kitabı onun alim və şair kimi məhsuldar fəaliyyətini əks etdirir”.
Rektor qeyd edib ki, görkəmli alimin “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (Sayalı Sadiqova ilə birlikdə) kimi əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz xidmətləri əhatəli şəkildə təqdim olunub.
Elçin Babayev onun poeziyasında Vətən və Ana obrazının ülvi, qırılmaz sevgi, bədii dilin bütün gözəllikləri ilə, ustalıqla yaradıldığını bildirib: “Mahirə Nağıqızının poeziyasının əsas obrazları Ana və Vətəndir. "Mənim anam", "Yaşadacaq anam məni", "Analı dünyam" kimi şeirlərində biz ana məhəbbətini, nəvazişini, istiliyini, fədakarlığını bütün dərinliyi ilə hiss edirik. Mahirə Nağıqızı şəhidləri “sağlığında döyüşən əsgər”, məzarlarını isə “Vətənin istehkamı” adlandırır. O, “Şəhid nəğməsi”, “Son döyüşə hazır ol”, “Al bayrağım” və sair şeirlərində qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik hisslərini ülviləşdirərək ifadə edir”.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir çıxışlarında şairənin zəngin söz dünyasından, yaradıcılığının özünəxas cəhətlərindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, Mahirə Nağıqızının əsərlərində milli ruhun təbliği xüsusi yer tutur. Vətən sevgisi, onun bütövlüyü, toxunulmazlığı, Qarabağ Zəfəri görkəmli şairin yaradıcılığından qırmızı xətlə keçir.
Daha sonra söz professor Mahirə Nağıqızıya verilib. Tələbələrlə görüşün çox xoş olduğunu qeyd edən tanınmış şair gənclərə inamının böyük olduğunu deyib: “Mütaliəsiz tələbəni silahsız əsgərə bənzədirəm. Gənclərimiz daha çox oxumalı, mütaliəli olmalı, elm, bilik qazanmalı, inkişaf etməlidirlər. Gənclərə çox inanıram. Qarabağımızı məhz bu gənclər azad elədilər. Dünya olimpiadalarında üzümüzü gənclərimiz ağ edirlər. Qərbi Azərbaycana da məhz o gənclər gedəcəklər”.
Ədəbiyyata marağının anasının səsləndirdiyi bayatıları dinləyərək, sevərək yarandığını deyən Mahirə Nağıqızı 1300-dək bayatının müəllifi olduğunu diqqətə çatdırıb: “Ana dilimizi qorumaq hər bir gəncin borcudur. Vətənimiz, anamız necə vazkeçilməzdirsə, ana dilimiz də elə olmalıdır. Hər kəs öz səngərində əsgər kimi milli dəyərlərimizi qorumalıdır”.
Daha sonra tanınmış şair müəllifi olduğu şeirlərdən səsləndirib və tələbələrin suallarını cavablandırıb.