14 May 2024 17:14
Bələdiyyə sədri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.