20 May 2024 12:44
"Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur. Bəs, kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər?"
Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, statistikaya əsasən, istehlak krediti götürənlərin 95.0 faizinin sığortası yoxdur:
"Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər kredti götürən şəxs həyat sığotasından istifadə edərsə bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır".
Vüqar Bayramov qeyd edib ki, kreditlər verilən zaman sığortadan istifadə olunması əhəmiyyətlidir:
"Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab edirik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq bu borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər.
Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanı həyata keçirilməsi mümkündür. Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki, azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə, kredit götürən şəxs dünyasını dəyişərsə o halda borcu vərəsə, yəni ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Bu baxımdan da, sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir".