METBUAT.AZ

Siyasət

"Bu layihə Ankara - Bakı münasibətlərini daha da gücləndirəcək"

15 May 2024 16:26

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib. O bildirib ki, Türkiyə beynəlxalq nəqliyyat yolları ilə bağlı layihələrə diqqətlə yanaşır, hansısa bədbinlik gözlənilmir.

Siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a bildirib ki, İkinci Qarabağ müharibəsindən sonrakı regionda, Cənubi Qafqazda daha münbit şərait yaradan Türkiyə Zəngəzur dəhlizi məsələsinə xüsusi həssaslıqla yanaşıb:

“Zəngəzur dəhlizinin açılması rəsmi Ankara üçün ciddi perspektivlər vəd edir. Bu layihə həm iqtisadi, həm siyasi baxımdan böyük dividendlərə malikdir. Azərbaycan-Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri olsa da, rəsmi Ankara bu məsələyə öz maraqları kontekstindən də yanaşır. Çünki bu, təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün gələcək inkişafa zəmindir. Əgər Zəngəzur dəhlizi açılsa, təkcə Cənubi Qafqaz deyil, bütövlükdə Mərkəzi Asiya regionunda eyni zamanda həm Avropa, həm Asiyada yeni bir mərhələnin əsası qoyulacaq”.

Kənan Novruzov hesab edir ki, layihə türkdilli dövlətlər arasında inteqrasiyaya təkan verəcək:

“Bu, Türkiyənin Avropadakı yerini artıracaq, Türkiyə ilə Asiya arasındakı əlaqələrə təkan verəcək. Çünki daha əlverişli, ucuz başa gələn infrastrukturdan istifadə olunacaq. Bu layihənin reallaşması Türkiyənin siyasi çəkisini də artıracaq. Düşünürəm ki, Ankara bundan sonrakı mərhələdə də Zəngəzur dəhlizinin artırılması ilə bağlı rəsmi Bakının yanında olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.