24 May 2024 16:04
İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində sağlamlığa zərər vurma, xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi qiymətləndirilə bilməz.
Metbuat.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işinə baxılarkən qərar verilib.
Məhkuma verilən ittihama görə o, 2021-ci il 5 avqust tarixində Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında idarə etdiyi avtomobillə müştəri gözləyən zaman həmkəndlisi zərərçəkmiş şəxsin onu yanına çağıraraq digər taksi sürücüsü ilə əlaqəli işləməsini məsləhət görməsi, irad bildirməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Bu zaman məhkum üzərində olan soyuq silah hesab edilməyən açılıb-bağlanan bıçağı çıxarıb açmaqla heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin üzərinə gedib xuliqanlıq niyyəti ilə bıçaqla həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
Birinci instansiya məhkəməsinin 2022-ci il 23 fevral tarixli hökmü ilə məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkumun müdafiəçisi apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsi və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti həm də onunla əsaslandırılmışdır ki, məhkəmə hökm çıxararkən, onun törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, atasının Qarabağ müharibəsi əlili olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsinin 2022-ci il 2 iyun tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2022-ci il 23 fevral tarixli hökmü verilmiş apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmiş, hökmlə məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Məhkum apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifini və ona təyin edilən cəzanı mübahisələndirməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
Ali Məhkəmənin Cinayət kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarını yoxlayıb, qeyd etmişdir ki, baxılan cinayət işində məhkum və zərərçəkmiş şəxs məhkəmə qarşısında verdikləri ifadələrinin eynilik təşkil edən hissələrindən görünür ki, onlar bir-birilərini uşaqlıqdan tanımış və cinayət hadisəsi baş verənədək münasibətləri normal olmuşdur. Məhkum və zərərçəkmiş şəxs arasında yaranan mübahisə iş fəaliyyətlərinin qurulması barədə məsələnin müzakirəsindən başlayıb, mübahisə zamanı məhz zərərçəkmiş şəxs ilkin olaraq əlbəyaxaya keçmiş, məhkum cavabında bıçaq çıxartdıqda isə provokasiya xarakterli söz ifadələrini işlətməklə sonuncunu bıçaqdan istifadəyə çağırmışdır.
Bundan başqa, cinayət işinin mübahisəsiz hallarına nəzər yetirildikdə müəyyən edilir ki, məhkum tərəfindən zərərçəkmiş şəxs sağlamlığına ağır zərər yetirilərkən hadisə yerində onların ikisindən başqa hər hansı bir digər şəxs olmamışdır. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, məhkum qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur, onunla zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir.
Buna görə məhkəmə kollegiyası hesab etmişdir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri məhkumun əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişlər. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, yuxarıda şərh olunanlara əsasən məhkumun əməli Azərbaycan Respublikası 126.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
Ali Məhkəmənin Cinayət kollegiyasının qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin 2022-ci il 2 iyun tarixli qərarı dəyişdirilmişdir. Məhkumun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.