METBUAT.AZ

Siyasət

"Əks halda, kimin nüfuzu daha çoxdursa, onun namizədliyini irəli sürərdilər" -

13 May 2024 15:08

Azərbaycan Respublikasının Konstitusiyasına görə, noyabr ayında parlament seçilərinin keçirilməsi nəzərdə tutulub.

Hazırda bəzi ekspertlər düşünür ki, dünyada baş verən proseslər, iqtisadi və sosial münasibətlərin dəyişməsi fonunda parlamentdə təmsil olunacaq namizədlərin iqtisadi biliklərinin daha çox olmalıdır.

Bəs Azərbaycanda parlamentə seçkilər zamanı bu meyarlar nəzərə alına bilərmi?

Metbuat.az-ın sorğusuna cavab olaraq millət vəkili Fazil Mustafa bildirib ki, parlamentin necə formalaşmağı daha çox seçicinin iradəsindən asılıdır:

“Əgər hər hansı bir şəkildə seçkinin iradəsi məqbul sayılmırsa, belə bir nəticənin olmasını gözləmək olmaz. Sadalanan meyarlar proporsional seçki sistemində ola bilər. Bu zaman partiyalar təqdim etdikləri namizədlər arasında iqtisadçılar, hüquqşünaslar daha çox ola bilər. Amma majoritar sistemdə belə bir gözlənti doğru deyil”.

Fazil Mustafa hesab edir ki, bu zaman kimin nüfuzu daha çox olarsa, onun namizədliyini irəli sürüb həmin dairələrdən səs almağa çalışırlar:

“Ümumiyyətlə, parlamentdə nə qədər ixtisaslı hüquqşünas, iqtisadçı və müxtəlif sahələrin bilgili şəxsləri təmsil olunarsa, bu, parlamentin nüfuzunun artmasına kömək edə bilər. Amma bu, bütövlükdə seçicinin iradəsindən asılıdır”.

Qeyd edək ki, majoritar sistemdə dairə üzrə ən çox səs toplayan namizəd qalib elan edilir, digər namizədlərə verilən bütün digər səslər nəzərə alınmır. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.