METBUAT.AZ

Siyasət

"Ermənistanın nicatı Azərbaycan və Türkiyədən keçir" -

28 May 2024 12:09

“Altı il bundan öncə Nikol Paşinyanı eyni yolla hakimiyyətə gətirənlər güman edirlər ki, analoji addımı yenidən atmaqla öz məqsədlərinə çatacaqlar. Amma zaman dəyişib. Bu müddət ərzində erməni xalqı da ərazi iddialarının heç bir perspektivi olmadığını daha çox dərk etməyə başlayıb”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Millət vəkili qeyd edib ki, erməni xalqı da fərqindədir ki, onlara müharibə lazım deyil. Əks halda, bu, Ermənistanın sonunun başlanğıcı ola bilər:

“Məğlub ölkə hansı gücü tapıb Azərbaycan kimi bir dövlətin qarşısında dayana bilər? Ona görə də çalışırlar ki, Paşinyanın istefasına nail olsunlar. Bu iddianın reallaşma əmsalı olduqca aşağı səviyyədədir. Paşinyan artıq keşişi önə verənlərin Qarabağ klanı olduğunu ictimai fikrə çatdıra bilib. Qarabağ klanı, hərbi canilər Robert Köçəryan-Sarkisyan cütlüyü, eyni zamanda milyarder deputat Çarpyan və digərləri dini amilin arxasına keçərək, öz siyasi iddialarını yürüdürlər.

Qeyd edim ki, bu etiraz dalğası Ermənistanda kütləvi hal ala bilmədi, xalq bu prosesdən kənardadır. Pulla alınanlar isə say baxımından azdırlar. Əgər kütləvi etiraz dalğası olmasa, reallıqda onların məqsədə çatmaq ehtimalı olduqca aşağı səviyyədədir”.

Elman Nəsirov qeyd edib ki, Ermənistan ordusu, silahlı qüvvələri, polisi, təhlükəsizlik xidməti öz baş nazirinin yanındadır. Millət vəkili bildirib ki, bu altı il əvvəlkindən fərqli situasiyadır:

“Hesab edirəm ki, gec-tez keşişin önə çıxdığı bu hərəkat məğlubiyyətə düçar olacaq. Çünki Ermənistanın nicatı Azərbaycanla,Türkiyə ilə münasibətlərin bərpasından, delimitasiyası və demarkasiyasından keçir. Ayağa qalxan bu etirazçılar isə bütün bu müsbət proses və tendensiyaların əleyhinədir. Xalq isə bütün bunları görür və düzgün qiymətləndirir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.