25 May 2024 12:46
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, ölkənin xarici dövlət borcu kifayət qədər aşağı səviyyədə olsa da, onun müəyyən qədər artırılması nəzərdə tutulur. Nazir deyib ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edə bilərik.
Nazirin açıqlamasına əsasən hazırda xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir.
Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli Metbuat.az-a bildirib ki, əsas borc götürmək deyil, onun necə, hara xərclənəcəyidir:
“Azərbaycan dünyada ən az borc alan olan ölkədir. Borc təkcə maliyyə resursu deyil, həm də texnologiyanın inkişafına, idarəetmə təcrübələrinə yiyələnməyə gətirib çıxarır. Azərbaycan özü də borc verir. Neft Fondu ilə istiqrazlara pul yatırmaqla digər dövlətlərə borc verib, borcu götürə bilər. Burada nə təhlükəyə, nə narahatlığa səbəb var.
Əsas maliyyə intizamına nəzarət edilməlidir ki, borc düzgün layihələrə cəlb olunsun. Eyni zamanda ölkəni varlandırsın, inkişaf etdirsin, ölkənin problemlərini həll etsin, xərcdən çox ölkəyə gəlir gətirsin. Hazırda, ölkənin kifayət qədər az borcu var, onun artması da normal sayılır”.
Eksper vurğulayıb ki, səmərəsiz, istiqaməti düzgün proqnozlaşdırılmayan xərcləmə üsulu aparılarsa, nəyinki xaricdən borc alan zaman, eləcə də, Neft Fondundan götürülən vəsaitlərdən istifadə zamanı da, risk faktoru yarana bilər. İqtisadçı hesab edir ki, ölkənin hətta daxili borclanması daha sürətlə artırılmalıdır.
“Ölkədə ciddi həll olunmalı mühüm məsələlər var. Bunun üçün də ölkə milli valyutada əhalidən, şirkətlərdən borc cəlb etməlidir. Amerikanın da borcu var. Hazırda ABŞ-nin borcu ümumi daxili məhsulun 120-130 faizinə bərabərdir. Yaponiyanın borcu 250 faizin nisbətinə bərabərdir. İtaliyada 300 faizdən çoxdur. Ümumiyyətlə, dünyada dövlət borcunun ümumi daxili məhsulun nisbəti 65 -70 faizarasında olanda normal hesab edilir. Azərbaycanda bu rəqəmlər çox kiçikdir.
Amma xarici valyuta ilə borclanmalarda xüsusi ilə ehtiyatlı olmaq lazımdır. Hökumət yəqin ki, bunu nəzərə alaraq hələ az borclanmaya gedir”.
Gülbəniz Hüseynli, Metbuat.az