1 May 2024 15:10
“Vətəndaş ölümündən sonra donor olmaq istəyirsə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək, qanunla müəyyən edilmiş sənədi imzaladıqdan sonra ölümündən sonra donor olmaq istəyənlərin reyestra daxil olur”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki,hər arzu edən şəxs donor ola bilməz:
“Ümumiyyətlə, sağlığında donor olmaq istəyənlər üçün dünya üzrə üç qayda var. Birincisi, rutin, ikincisi, razılıq, üçüncüsü isə, etiraz prezumpsiyasıdır. Rutin qaydasına görə, xəstə reanimasiya şöbəsində vəfat edibsə və süni tənəffüs aparatındadırsa, həmin xəstə potensial donordur və onların orqanlarının götürülməsi üçün heç kəsdən icazə alınmasına ehtiyac yoxdur.
Beyin ölübsə, yardım göstərildiyi təqdirdə ürək öz avtomatizmi ilə iki sutkaya qədər çalışa bilər. Kimsə reanimasiyada beyin ölümündən vəfat edirsə, onun orqanları yararlıdır. Bu zaman qanunvericiliyə görə yararlı orqanları götürülə bilər”.