METBUAT.AZ

COP29

Gözlər Cənubi Qafqazda:

29 May 2024 15:24

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, sülh müqaviləsinin mətni üzrə razılığa gəlmək lazımdır.

Paşinyan bununla noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan COP29-un sülh müqaviləsinin imzalanması üçün əla fürsət olmasına işarə edib. O deyib ki, Ermənistanın bu işi tez bir zamanda başa çatdırmaq imkanı var. Baş nazir hesab edir ki, nəticələr yekunlaşdıqdan sonra, yeri və vaxtı müəyyən etmək məsələsi müzakirə olunacaq”.

Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə isə düşünür ki, Ermənistanın sülh müqaviləsini nə vaxt imzalayacağına proqnoz vermək çətindir. Millət vəkili Metbuat.az-a bildirib ki, bu, bir aydan sonra və yaxud da iki ildən sonra da ola bilər:


“Sülh sazişinin asanlıqla bağlanılmayacağı Azərbaycan üçün tamamilə aydın idi. Biz hərb meydanında Ermənistana qalib gəldik, torpaqlarımızı işğaldan azad etdik. Ermənistan cəmiyyətinin təfəkkürü dəyişməlidir. Onlar 100 illər ərzidə digər xalqların torpaqlarına, mədəniyyətinə, irsinə iddia ediblər, oğurlayıblar. Amma bugünkü reallıq Ermənistanı Azərbaycanı olduğu kimi qəbul etməyə məcbur edir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq o, Azərbaycanla sülh müqaviləsi bağlamalı, ərazi bütövlüyümüzü, sərhədləri tanımalıdır. Yaxşı olardı ki, bu proses tez baş versin. Hazırda tərəflərin vasitəçilər olmadan danışıqlar masasında oturması ən böyün nailiyyət sayılır”.

Müqavilənin COP29 ərəfəsində imzalanması ilə bağlı danışan Aydın Mirzəzadə qeyd edib ki, bu arzuolunandır:

“Azərbaycan COP29-a çox ciddi surətdə hazırlaşır. Hesab edirəm ki, bu tədbir yüksək səviyyədə keçiriləcəkdir. Dünya bir daha Azərbaycanın dövlətçiliyində nəyə nail olduğunu bir daha görmüş olacaq.

Ermənistan isə seçimini etməlidir. Sülh tez bağlanasa, Ermənistan qarşısında duran bir çox məsələləri qısa zamanda həll edə biləcək. Əks halda, Ermənistan bu gün üzləşdiyi problemlərlə hələ uzun müddət yaşamalı olacaq”.

Bir müddətdir Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir. Son mitinqlərdə Nikol Paşinyanın istefası, eyni zamanda Qalstanyanın baş nazir olmaq ilə bağlı arzuları da səsləndirilib.

Bu vəziyyət delimitasiya prosesinə təsirləri barədə Metbuat.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, sülh istiqamətində Bakı və İrəvan arasında nə qədər ortaq mövqelər, vahid baxış sərgilənsə də təhlükəsizlik sisteminə qarşı fəaliyyət göstərənlər də tapılır:


“Ermənistanda aksiyaların arxasında olanlar, Fransa kimi dövlətlər bu regiona müdaxilə etməyə çalışırlar. Onların bu addımları atmaqda məqsədi, regiondakı razılıqların üzərindən xətt çəkməkdir.

Çox böyük ehtimalla noyabr ayına qədər sülh müqaviləsinin ortaq prinsipləri razılaşarsa, Azərbaycan və Ermənistan arasında sülhə yönəlik bütün niyyətlər öz təsdiqini tapa bilər. Bundan sonra qarşıdakı dövrdə də digər məsələləri həll etmək üçün imkan formalaşacaq.

Əks təqdirdə Ermənistanda Baqrat Qalstanyan kimi şəxslərə dəstək verən güc mərkəzləri öz sülh əleyhinə fəaliyyətlərini genişləndirə bilərlər”.

İlyas Hüseynov qeyd edib ki, ələ düşən tarixi fürsətdən maksimum dərəcədə istifadə etmək lazımdır. Politoloq vurğulayıb ki, regionda təhlükəsizlik və sabitlik üçün sülh müqaviləsinin məhz Bakıda keçiriləcək dünya səviyyəli tədbir ərəfəsində imzalanması çox önəmlidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



metbuat.az.