31 May 2024 12:51
Azərbaycanda maaşlar 50 manatadək arıtırıla bilər.
MetbuatAz xəbər verir ki, bunu "Cebhe TV"yə açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib. O bildirib ki, ümumiyyətlə, may ayının 15-dən tez olmayaraq, oktyabr ayının isə 15-dən gec olmayaraq hökumət büdcəyə yenidən baxa bilər:
“Dörd ayının yekunlarına görə ümumi daxili məhsul (ÜDM) 4.3 faiz artıb, qeyri-neft sektorunda ÜDM-nin artımı 7,7 faiz təşkil edir. İllik inflyasiya 0,7 faizdir. Bu göstəricilər normal göstəricilər sayılır və büdcəyə yenidən baxıla bilər.
Bizim büdcənin böyük kəsimi neftlə bağlıdır və 2024-cü il üçün neft 60 dollardan götürülüb. Ancaq bu il üçün dünya bazarlarında neftin qiyməti 75 dollardır. Yəni büdcədə nəzərdə tutulandan 15 dollar artıqdır. Bu da bir motivdir ki, büdcəyə yenidən baxıla bilər”.
Professorun sözlərinə görə, minimum əməkhaqqı göstəricisi büdcənin çox xərc aparan, xüsusilə əməkhaqqı və ona bərabər ödənişlərin aparılmasında bir kriteriya, ölçü vahidi kimi istifadə edilir:
“Ona görə də onun dəyişilməsi, adətən növbəti il üçün tətbiq edilir. Yəni ilin ortasında göstərici dəyişilmir. Təbii ki, büdcənin potensialı var. Hesab edirəm ki, 2025-ci ilin büdcəsində minimum əməkhaqqı, hazırkı 345 manat artırılacaq. Birdən-birə 500 manatadək artırılmasını gözləmirəm, real deyil. Təxminən 400 manadək çatdırılmasını gözləyirəm”.