10 May 2024 19:41
Medianın İnkişafı Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.
Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyev medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirmiş, media subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, fərman və sərəncamlar imzalamışdır. O qeyd edib ki, Azərbaycan mediası Ümummilli Liderin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətini böyük fəxr hissi ilə işıqlandırır və gələcək nəsillərə ötürür.
Daha sonra Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli və aparat rəhbəri Rəqsanə Kərimova Ümummilli Liderin Azərbaycan dövlətçilik tarixinin və xalqın milli kimliyinin formalaşmasındakı müstəsna rolundan, onun mediaya göstərdiyi qayğıdan bəhs edib, Agentliyin əməkdaşları Əkbər Allahverdi və Anar Əhmədli “Heydər Əliyev gənclərin gözü ilə” mövzusunda çıxış ediblər.
Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişindən sonra Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.