3 May 2024 15:09
Mayın 3-də Milli Məclisin deputatı, Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev Bosniya və Herseqovina Nümayəndələr Palatasının deputatı Nihad Omeroviç ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilindən məmnunluq ifadə olunub, aparılan müzakirələrin beynəlxalq əməkdaşlığın, həmçinin qlobal və regional sülhün, təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycanın parlaq Qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər, tarixin qara ləkələri olan Xocalı və Srebrenitsa soyqırımları kimi faciələrin bir daha təkrarlanmaması üçün davamlı sülh istiqamətindəki səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Söhbət zamanı Azərbaycan və Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dostluq əlaqələrinin tarixindən, bugünkü inkişafından, həmçinin müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən bəhs edilib. İki ölkə arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin genişləndirilməsi, deputatların dostluq qrupları çərçivəsində, həmçinin beynəlxalq parlament təşkilatlarında qarşılıqlı faydalı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.