13 May 2024 11:35
"Dünyanın bir çox ölkəsində müdafiə naziri vəzifəsini mülki şəxslər icra edir. Bir çox inkişaf etmiş ölkələrin müdafiə naziri isə qadınlar olur. Müdafiə nazirliyi əsasən ordunun təminat və təchizatını həyata keçirməklə məşğul olduqda, o zaman döyüş əməliyyatlarının idarə edilməsi üçün nazirin hərbçi olması o qədər də böyük əhəmiyyət daşımır".
Bunu Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Rusiya Ukraynada gedən müharibənin acı təcrübəsindən çıxış edərək, Şoyqunu vəzifədən uzaqlaşdırır:
"Rusiya ordusu Şoyqu tərəfindən təyin edilən, Ukrayna ərazisindəki 4 günlük hədəflərini 3-cü ildir ki, hətta 30 faizini belə yerinə yetirə bilməyib. Bu baxımdan Şoyqunun vəzifədən azad edilməsi ciddi bir təəccüb hissi doğurmur".
Ekspertin sözlərinə görə, Şoyqunun özü də peşəkar bir hərbçi olmayıb:
"O da memarlıq və inşaat institunu bitirdikdən sonra, fövqəladə hallar nazirliyində bir vəzifəyə təyin olunub. Uzun illər boyu xidmət etdikdən sonra, həmin fövqəladə hallar naziri vəzifəsindən müdafiə naziri vəzifəsinə təyin olunub. Yəni, Şoyqunun özünü də peşəkar hərbçi hesab etmək olmazdı. O da mülkidən gəlmiş, sonradan güc strukturlarında vəzifə almış şəxs idi".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb. Andrey Belousovun hərbçi keçmişinin olmaması müzakirələrə səbəb olub.
Seyranə Quliyeva / Metbuat.az