METBUAT.AZ

Siyasət

Müharibədə həlledici an -

18 May 2024 12:43

"Ukrayna ordusu və onun rəhbərləri olduqca çətin situasiya ilə üzləşiblər".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibə yeni xüsusiyyətlər qazanmağa başlayıb.

"Gözlənilirdi ki, ABŞ və Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan yardım paketini təqdim etdikdən sonra, vəziyyət Ukraynanın xeyrinə dəyişəcək. Amma son hadisələr bunun əksini sübut edir. Rusiya ordusu Ukraynanın yeni ərazilərini ələ keçirir. Belə çıxır ki, ayrılan milyardlarla dollarlıq vəsait Ukraynanın döyüşdə dönüş yaratmasına kömək edə bilmir.

Deməli, V. Zelenski seçim qarşısındadır - ya Ukrayna ərazilərini bir-birinin ardınca itirməkdə davam etmək, ya da müxtəlif vasitələri ortaya qoyaraq Rusiya ilə atəşkəs barəsində danışmağa nail olmaq. Bu qərarlar həm ağırdır, həm də qəbul edilməsi çətindir".

Politoloq vurğulayıb ki, Ukraynanı cəbhədə bu cür çətin vəziyyətə salan məhz Qərb və ABŞ-nin tərəddüdü oldu:

"Onlar Ukraynaya lazım olan və Zelenskinin tələb etdiyi silahları vaxtında çatdıra bilsəydilər, belə vəziyyət yaranmazdı. Digər tərəfdən, Zelenskini Rusiya ilə danışığa getməyə qoymayan da elə bu qüvvələrdir. Aİ və ABŞ Rusiya ilə münasibətdə istədiklərinə hələ nail olmayıblar. Yəni, Rusiya iqtisadiyyatını və hərbi gücünü çökdürə bilmədilər".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.