4 May 2024 11:00
Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Metbuat.az xəbər verir ki, səfərin üçüncü və sonuncu günündə qonaqlar Cəbrayıl rayonuna səfər ediblər.
Norveçli səyyahlar qrupu unikal tarixi abidə olan Xudafərin körpüsünə gəliblər. Onlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayətlər haqqında məlumat verilib.
Bildirilib ki, Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələrindəndir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi, bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.
Xatırladaq ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə Qarabağ və Şərqi Zəngəzura 9 səfəri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünyaşöhrətli “Vagaclub”unun səfəri bu qəbildən sayca 10-cu səfərdir.
Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Dünyada milyonlarla insan onların vasitəsilə Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.