METBUAT.AZ

Siyasət

“Paşinyan sülh müqaviləsini imzalamaqla Ermənistanı blokadadan çıxara bilər” -

21 May 2024 16:08

“Ermənistan baş naziri Nikol Paşinyana qarşı Ermənistan cəmiyyətində kifayət qədər dəstək var. Səbəb odur ki, Paşinyan da, erməni xalqı da müharibənin əleyhinədir”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, erməni xalqının Qarabağ klanını görməyə gözü yoxdur:

“Məlum olduğu kimi, Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı çıxış edən revanşistlərə bu dəfə keşişlər də qoşulub. Onlar indi N. Paşinyanın istefaya getməsi kimi konkret siyasi tələb də qoyublar. Motivləri də odur ki, N.Paşinyan ölkənin milli maraqlarını satır, guya Azərbaycana güzəştlərə gedir, kəndləri qaytarır, delimitasiya və demarkasiya prosesinə razılaşıb. Aksiyadakı revanşistlərin düşüncəsinə görə, bunlar olmamalıdır. Hesab edirəm ki, altı illik hakimiyyət dövründə Nikol Paşinyan da daha ağır sınaqlardan çıxıb. N. Paşinyan 2020-ci ildə biabırçı məğlubiyyətə uğradı. Onun təslim aktına imza atdıqdan sonra parlament seçkilərində qalib gəlməsi, Ermənistan cəmiyyətində ona olan inamın ifadəsidir. Amma N. Paşinyan da çox uğurlu gedişlər edir. Ona qarşı dayanan qüvvələrə, xüsusilə də keşiş və onun ətrafına qarşı etiraz dalğasının məhz Qarabağ klanını maliyyələşdirdiyi ilə bağlı ictimai rəyin formalaşmasına nail ola bilib”.

Millət vəkili hesab edir ki, xalqın dəstəyi olmadan ayrı-ayrı siyasi, dini qruplaşmaların etiraz dalğası Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilməz:

“Nikol Paşinyan belə gərgin bir situasiyada Kopenhagendə konfransa getməkdən də vaz keçmədi. O daxili situasiyanın nə qədər nəzarət altında olduğunun fərqindədir. Qənaətimə görə, bir müddət sonra bu məsələlər öz həllini tapacaq, etiraz dalğası enəcək. N.Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağı qarşısına hədəf qoyub. O bu müqaviləni imzalamaqla Ermənistanı blokadadan çıxa bilər. Ermənistanın iqtisadi rifahı məhz bu sülh müqaviləsindən asılıdır. Ona görə də Nikol Paşinyan bu günlərdə sülh tərəfdarı kimi çıxış edir. Ümid edirik ki, bütün səylər yaxın zamanda sülhə doğru real addımlar atılacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.