25 May 2024 09:42
Milli Məclisin sonuncu plenar icladında Əmək pensiyalarına dəyişikliklərin müzakirəsində çıxış edən deputat Əli Məsimli bildirib ki, pensiya ilə bağlı xeyli gözləntilər var.
Metbuat.az Musavat.com-a istinadən bildirir ki, Ə.Məsimli pensiyanın sadəcə sosial, yaxud iqtisadi məsələ deyil, həm də siyasi məsələ olduğunu deyib:
“Pensiya həm də çox həssas məsələlər sırasına aiddir. Pensiya ilə bağlı xeyli gözləntilər var. Belə ki, yaşa görə pensiyanın orta aylıq məbləği 500 manata yaxınlaşsa da, pensiyaçıların yarıya qədəri median pensiya səviyyəsində, yəni 360 manat və ondan da aşağı pensiya alır. Pensiyaya çıxandan sonra insanlara normal həyata maddi təminat verən və yaşlı insan üçün tələb olunan qədər dava-dərmanın alınmasına yetərli olan məbləğdə pensiya ilə təmin edilməsi kimi çox vacib hədəfə çatmaqdan və davamlı olaraq yaşlı nəslin sosial təminatını gücləndirməkdən ötrü pensiya kimi ağır və cəmiyyət üçün çox taleyüklü məsələnin bütün ağırlığı bir nazirliyin üstünə atılmamalı, mövcud pensiya sisteminin və pensiyaçıların vəziyyətinin obyektiv, dərin təhlilləri aparılmalı, eləcə də bu sahədə mövcud olan problemlərin həlli islahatların dərinləşdirilməsi yolu ilə sürətləndirilməlidir. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən sığorta əsaslı pensiya sisteminin beynəlxalq praktikada uğurlu nümunələri səviyyəsinə çatması üçün bir sıra təkmilləşdirilmələrə ehtiyac var”.
Deputat deyib ki, bu kontekstdə pensiya sistemində islahatların daha geniş planda həyata keçirilməsini vacib hesab edirik:
“Birincisi, yaşamağa başladığımız yeni mərhələnin məntiq, tələb və gözləntilərinə uyğun və həm də ümumi islahatların mühüm tərkib hissəsi kimi pensiya əlçatanlığının optimallaşdırılması əsasında elə bir pensiya sistemi formalaşdırmaq lazımdır ki, müəyyən kateqoriyalara aid insanlar pensiya yaşına çatandan sonra da iş qabiliyyəti göstəriciləri konkret tələblərə cavab verirsə, qalıb bir müddət də işləməsinə şərait olsun.
Vətəndaş konkret müddətlərdə ağır, orqanizm üçün ziyanlı işlərdə çalışıbsa, sağlamlıq durumu işi davam etdirməyə imkan vermirsə və ya hansısa səbəbdən pensiyaya tez çıxmaq tələbatı yaranıbsa, bu hallarda “yaşı çatmır” deyə, sağlamlığını qurban vermək hesabına pensiya yaşı çatana qədər bir neçə il də o cür ağır durumda işə sürünməyə məcbur edilməsin. Bu kateqoriyaya aid olan insanlar üçün də pensiya yaşından əvvəl pensiyaya çıxmasına real şərait yaradılması istiqamətində son vaxtlar başlanan güzəştli şərtlərlə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısının genişləndirilməsi işinin davam etdirilməsini vacib hesab edirik.
İkincisi, minimum pensiya 200 manat olanda, insanların pensiya hüququ qazanması üçün ən azı 28800 manat pensiya kapitalı, minimum pensiya 240 manat olanda - ən azı 34 560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, 2023-cü ildə minimum pensiya 280 manata çatdıralandan sonra insanların pensiya hüququ qazanması üçün ən azı 40 320 manat pensiya kapitalı toplamaq tələb olunur. Yəni minimum pensiyanın 40 manat artması insanların pensiya almaq hüququ qazanması üçün tələb olunan pensiya kapitalının məbləğının hər dəfə müvafiq surətdə 5760 manat artmasına səbəb olub”.
Ə.Məsimli ardınca bildirib ki, həmin əlavə məbləğdə pensiya kapitalı toplamaq üçün orta statistk azərbaycanlıya xeyli əlavə illər tələb olunur:
“Belə şəraitdə pensiyaya çıxmağa hazırlaşan yaşlı əhalinin bir hissəsi üçün pensiya əlçatanlığı aradan qalxır və azı 280-360 manat pensiya almaq əvəzinə, 180 manatlıq qocalıq müavinəti deyilən yaşa görə müavinətlə kifayətlənməli olur. Bu sahədə təkmillşdirmələr aparmaq lazımdır ki, həmin üsulun tətbiqi nəticəsində pensiya kapitalı tələbinin məbləğinin sürətlə artması pensiyaya hazırlaşan yaşlı insanların bir hissəsinin pensiyaya çıxmasının qarşısında səddə çevrilməsin”.
Deputat üçüncü bir amili diqqətə çatdırıb:
“Azərbaycanda yaşlı əhalinin, xüsusən də kişilərin bir hissəsi pensiya yaşına çatmamış və həmin yaşa çatandan bir neçə il sonra dünyasını dəyişir. Bizdə vəfat edən vətəndaşın pensiya kapitalının ailə başçısını itirmyə görə pensiya təminatı forması mövcud olsa da, vəfat edən şəxsin pensiya kapitalıın ailə üzvlərinə ödənilməsi məsələsinin daha geniş planda həll olunmasından ötrü qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsini vacib hesab edirik”.
Digər bir məqamdan bəhs edən Ə.Məsimli deyib ki, özəl pensiya fondunun yaradılması istiqamətində işlər sürətləndirilməlidir və bu Fonda könüllü ödəniş edən vətəndaşların gələcəkdə pensiya kapitalını hissə-hissə və ya birdəfəlik götürmək imkanının hüquqi bazası yaradılmalıdır.