METBUAT.AZ

Sosial

Qərara dəyişiklik: Bu halda əlillik dərəcələri ləğv ediləcək -

16 May 2024 14:32

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Qərarın əlillik dərəcəsinə təsirləri barədə Metbuat.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib ki, bu dəyişiklik zəruri idi:


“Elə şəxslər var ki, onlar o qaydaların 1.5-ci maddəsində göstərilən şərtlərə cavab vermirdilər. Bu maddəyə göndərişin verilməsi üçün şərtlər, yəni xəstəliklə bağlı sabit pozuntuların olmasıvə s, daxildir. Qaydaların 2.2-ci maddəsində göstərilir ki, bu sənədlər toplandıqdan, baxıldıqdan sonra komissiya şəxsləri əlavə müayinəyə göndərə bilər. Çünki praktikada da bunu müşahidə edirdik. Pasiyentlər bundan imtina edirdilər və belə olan komissiya nə edəcəyini bilmirdi. Hazırda isə qaydanı legitimləşdiriblər. Bu halda ona əlilliyin verilməsindən imtina ediləcək”.

Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, bu qərara kimi həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunsa da, artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq:


“Müddət gözlənilmədən forma 88 rəsmilləşdiriləcək. Digər mühim məqam,əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunmasıdır. Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi. Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı bu sahədə əlçatanlığı artıracaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.