METBUAT.AZ

İqtisadiyyat

Qiymətlər artmağa davam edəcək -

17 May 2024 11:41

"Hazırda bəzi məhsulların bahalaşmasını, bəzilərinin isə ucuzlaşmasını müşahidə edirik. İnflyasiyanın azalması o demək deyil ki, hansısa məhsullar ucuzlaşacaq".

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, Azərbaycanda qiymətlərin aşağı düşməsi üçün deflyasiyanın olması lazımdır, lakin qarşıdakı illərdə bu gözlənilmir:

"Azərbaycanda 2024-cü ildə də inflyasiya gözlənilir. Qiymətlər infyasiyaya görə deyil, xarici bazarlara görə müəyyənləşir. Hansısa məhsulların qiyməti düşə bilər. Söhbət ümumi qiymət səviyyəsindən getmir. Ümumi qiymət səviyyəsi artacaq. Amma keçən illərə nisbətən, qiymətlərin artım tempində azalma müşahidə olunur".

İqtisadçı onu da vurğulayıb ki, bir neçə məhsulun bahalaşacağı gözlənilir:

"Düyü, kakoo məhsulları bahalaşa bilər. Dünya bazarında baş verən bütün prosesləri biz daxili bazarda da hiss edəcəyik. İlin sonuna qədər qiymət artımı davam edə bilər. Amma bu, əvvəlki illərə nisbətən az olacaq".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, aprel ayında ötən ilin eyni ayına nisbətən 100 %, aprel ayında əvvəlki aya nisbətən 99,9 % təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.