METBUAT.AZ

Hadisə

Qızımı həkimlər öldürdülər -

6 May 2024 12:23

Hacıqabulda 17 yaşlı qızın qızılcadan ölməsi ilə bağlı məlumat yayılıb. Yayılan informasiyaya görə, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı gecə saatlarında qızılca diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, Bizim.Media hadisənin təfərrüatlarını öyrənmək üçün qızın ailəsi ilə əlaqə saxlayıb.

Mərhumun atası Eyvaz Qarayev Bizim.Media-ya açıqlamasında qızının həkim səhlənkarlığının qurbanı olduğunu iddia edib. O, heç bir yanaşı xəstəliyi olmayan övladına həkimlərin etinasız yanaşdığını bildirib:

“Ayişənin heç bir xəstəliyi olmayıb. Xırda səpkiləri olduğu üçün mayın 2-də qızı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına apardım. Pediatr Flora Mənsimova onu müayinə edəndən sonra zəhərləndiyini dedi. Sistemin birini xəstəxanada vurdular, sonra Ayişəni götürüb evə gəldim. Gördük ki, qızın səpkiləri çoxaldı, səhəri günü yenə Flora həkimə zəng edib vəziyyəti bildirdik.

“Bəlkə qızılcaya yoluxub, xəstəxanaya gətirin” dedi. Yenidən getdik. Flora həkim bu dəfə qızılca olduğunu dedi. Resept yazdı, dərmanları alıb yenidən evə qayıtdıq. Gördük axşam qız qusur, təcili tibbi yardıma zəng etdim.

Gəldilər, 20 qramlıq şprisə nə dərmanı çəkdilərsə, birbaşa qızın qol damarına vurdular. Ayişə elə bir dəqiqənin içində əsməyə başladı. Həmin vaxt qızdırması 37.5 idi. Qız üşüməyə başladı, dərhal da dili qatlandı. Qızı ayıltdıq və təcili yardım maşını ilə Şirvan Mərkəzi Xəstəxanasına apardıq”.

Ata deyib ki, gecə saat 03:00-da qızını Şirvan Xəstəxanasının Təcili yardım şöbəsinə çatdıra bilib:

“Ayişə gözümüzün içinə baxırdı, amma huşu yerində deyildi. Orada dedik ki, bizə təcili yardım maşını verin, qızı Bakıya çatdıraq, vermədilər. Elə növbətçi həkim gəlib-gedib qıza baxırdı. O boyda xəstəxanada bir nevropatoloq tapmadıq ki, gəlib qızı müayinə etsin. Şirvan Xəstəxanasında Ayişəyə çox etinasız, laqeyd yanaşdılar. Elə ilkin yardım kimi bir sistem qoşdular. Tibb bacıları da gedib-gəlib “bizə pul ver” deyirdi. Çox dirənişdən sonra yalnız səhər saat 10-da bizə maşın verdilər. O boyda xəstəxanada saat 10-a kimi bir həkim tapılmadı.

Qırğın-dava ilə təcili yardım maşını ala bildik. Bizə deyirdilər ki, Bakıdakı Qarayev Xəstəxanasında qızı yatızdırmağa yer yoxdur, gözləyin. Bu formada bizi aldadıb uşağımızı öldürdülər.

Təcili tibbi yardım maşınının oksigen balonu olmadığına görə, qıza şar vasitəsilə oksigen verirdilər. Heç məni qızın yanında oturmağa da qoymurdular, dava-qırğınla qabaqda otura bildim. Övladımın vəziyyəti ilə bağlı heç bir məlumat vermirdilər. Saat 11-in yarısında təcili yardım maşını Qobustanda idi ki, Ayişə dünyasını dəyişdi.

Mənim qızımı həkimlər öldürdülər. Onlardan şikayət etsəm də faydasızdır, artıq balam qayıdan deyil (ağlayır). Amma camaatın balalarına yazığım gəlir”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsək də hələki açıqlama verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq...


metbuat.az.