28 May 2024 15:21
Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər.
Metbuat.az Medicina.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Bursa Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasının qulaq, burun, boğaz mütəxəssisi, professor Hakkı Caner İnan məlumat verib.
Professor H.Caner bildirib ki, çimdikdən sonra qulaq infeksiyasına səbəb ola biləcək təmizləyici çöplərdən istifadə etmək əvəzinə xarici qulaq kanalını nazik bir parça ilə silmək daha yaxşı olar: “Bəzi insanlarda müxtəlif səbəblərdən serumen yığıla bilər. Bu, qulaq kirinə səbəb olur. Sağlam bir qulaq pərdəsi əslində qulaq kirini çölə çıxarır. Biz bunu görə bilərik, nazik dəsmal və ya parça ilə silməliyik. Serumen qulaq kanalını nəmli və sürüşkən saxlayan və qulağı xarici təhlükələrdən qoruyan ifrazatdır”.
Professor diqqətə çatdırıb ki, pambıq ucluqlu çöplə təmizlənmə qulaq kirinin idarə olunmadan içəriyə itələnməsinə və hətta qulaq pərdəsinə yapışmasına səbəb olur:
“Qulaq çubuğu insanlar tərəfindən istifadə edilmək üçün ən yaxşı və əlverişli bir alətdir. İnsanlar bundan istifadə edərək qulaq kirini asanlıqla təmizləmiş hesab edirlər. Ancaq bu, belə deyil. Bəzi hallarda diqqətsiz istifadə edilərsə və ya təmizləyərkən kimsə qolunuza dəydikdə, həmin qulaq çubuğunun içəriyə getməsi nəticəsində qulaq pərdəsində dəliklər yaranar. Bundan sonra isə dəridə kiçik sıyrıqlar meydana gələr, qulaq infeksiyası yarana bilər. 2-3 gün ərzində şiddətli ağrılar baş verər. Bununla bağlı müalicə isə bəzən 1 aydan çox davam edə bilər. Bu səbəbdən qulaq kirinin çöp ilə təmizləməməli, qulaqda hər hansı tıxanma hiss olunursa həkimə müraciət edilməlidir”.