16 May 2024 10:03
"Parlamentdə müstəqil deputatlardır, tərəfsiz deputatlardır, bunlar olmamalıdır, partiyalar təmsil olunmalıdır. Yaxşı olardı ki, referendum keçirilsin və proporsional seçki sisteminə keçilsin, partiyaların cəmiyyətdə funksiyası daha da artsın".
Bunu Metbuat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, siyasətçi Hafiz Hacıyev deyib. O bildirib ki, növbəti seçkilərin demokratik keçiriləcəyinə inanır:
"Bizim də gözləntilərimiz çoxdur və düşünürük ki, bu seçkilər tam demokratik və şəffaf keçiriləcək. İstəyirik ki, seçkilər heç olmasa Ramiz Mehdiyevin keçirdiyi seçkilərə oxşamasın, normal seçki olsun.
Azərbaycandakı demokratik mühitlə bağlı dünyadan, Qərbdən bəzi narazılıqlar var - söz azadlığı, mətbuat azadlığı və s. Düzdür, bunların hamısı artıq təmin olunub ölkədə. Bəzi məmurlar aparıb qohumlarını parlamentə qoyur, eləsi var sevgilisini qoyur, bu, deputat seçkisi demək deyil. Biz bu qınaqdan qurtulmaq üçün partiyaların rolunu nəzərə almalıyıq".
Hafiz Hacıyev deputatların sayının artırılmasının tərəfdarı olduğunu deyib:
"Yaxşı olardı ki, 24-25 partiyadan hərəsi parlamentdə 2-3 yer tutsun. Belə olsa, Azərbaycan ABŞ-nin, Avropanın qınağından kənarda qalardı. Hamısı bizdən bunu tələb edir. Əminəm ki, bunların hamısı olacaq, çünki ortada Prezidentimizin iradəsi var. Prezident həmişə demokratik mühitin formalaşması üçün böyük işlər görür.
Əhalinin 7 milyon olduğu vaxtdan 125 deputat sayı müəyyən edilib. İndi 10 milyonuq, yaxşı olardı ki, deputatların da sayı artırılsın. Say artsa, parlamentdə 30-40 partiya təmsil olunsa, daha yaxşı olar".
Xatırladaq ki, Azərbaycanda bu ilin sonu, gələn ilin əvvəllərində növbədənkənar parlament seçkilərinin olacağı gözlənilir.
Cavidan Mirzəzadə / Metbuat.az