14 May 2024 12:58
Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını verəcəyi gözlənilir. Əfv Komissiyasına əfv üçün müraciətlər də davam edir. Bəs, əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?
Mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Vüqar Babayev bildirib ki, Rəşad Dağlının əfv olunma şansı çox azdır:
"Əfv haqqında əsasnamə var. Həmin əsasnaməyə görə, ağır və xüsusilə ağır cinayət törətməyə görə, hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarısını çəkmiş olmalıdır. Ona görə də, şans azdır. Amma təbii ki, bu ölkə başçısının müstəsna səlahiyyətidir. Hər şey ola bilər. Amma Əfv haqqında əsasnaməyə əsasən, qayda belədir".
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
Seyranə Quliyeva / Metbuat.az