29 May 2024 16:02
Rusiyanın Xankəndində konsulluq açmaq Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin yaxın gələcəkdə Xankəndidə baş konsulluğun açılması planlarının olduğunu elan edib. O bildirib ki, “bu, bizə (Azərbaycan və Rusiyaya) qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək”.
Karasinin bu açıqlaması istəyi ictimai rəydə ciddi müzakirələrə səbəb olub. Mövzuyla bağlı siyasətçi Akif Nağı Metbuat.az-a şərhində vurğulayıb ki, ortada konkret məsələ yoxdur:
“Rusiya rəsmiləri tərəfindən bu məlumatın ortaya atılması diplomatik qaydalara, normalara uyğun gəlmir. Onlar belə bir məlumatı mətbuata çıxartmaqla, guya bununla bağlı danışıqlar gedəcəyi fikrini yaradırlar. Sanki Azərbaycan rəhbərliyini fakt qarşısında qoymaq istəyirlər. Bu məsələ rəsmi qaydada müzakirə olunmalıdır. Nəticə olacaqsa, ondan sonra məlumat verilməlidir. Hesab edirəm ki, Rusiya bəzi hakimiyyət nümayəndələri hələ də köhnə iddialarını ortaya qoymağa çalışırlar. Bu, yanlış mövqe, təşəbbüsdür. Rusiya bu kimi təşəbbüslərlə Azərbaycan ərazisində mövcudluqlarını saxlamaq istəyir.
Bir müddət əvvəl onlar Gəncədə də konsulluq açmaqla bağlı düşüncə irəli sürmüşdülər. Konsulluq adətən bu və ya digər ölkənin əhalisi harada yaşayırsa, o ərazidə açılır. Paytaxtda Rusiyanın səfirliyi fəaliyyət göstərir. Bakıdan kənarda rus əhalisi demək olar ki, yoxdur. Hansısa bir kənddə az sayda olan rus əhaliyə əhaliyə görə konsul açmağa ehtiyac yoxdur”.
Akif Nağı hesab edir ki, Rusiya konsulluq adı altında hərbi mövcudluğunu regionda saxlamaq istəyir:
“Əgər Xankəndində konsulluq açılarsa, orada müəyyən bir ad altında hərbi, kəşfiyyat qüvvəsini saxlaya bilər. Bizə isə bu lazım deyil. Biz Rusiya ilə normal, bərabər hüquqlu münasibətlər qurmağın tərəfdarıyıq. Rusiya artıq Azərbaycanın mövqeyi ilə hesablaşmalı, regionda güc amilinə çevrildiyini qəbul etməlidir. Azərbaycanla Rusiyanın arasında iqtisadi, siyasi və digər istiqamətlərdə əlaqələr davam etdirilir, etdirilməlidir də. Düşünürəm ki, bu məsələyə görə, Azərbaycanla münasibətlərin korlanması Rusiyanın maraqlarına uyğun deyil”.
Gülbəniz Hüseynli / Metbuat.az