METBUAT.AZ

Siyasət

Sahibə Qafarova Ciorcio Mule ilə görüşüb -

2 May 2024 17:30

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

Parlamentdən Metbuat.az-a verilən məlumata görə, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyətinə dair müzakirələr aparılıb. Milli Məclisin sədri bu cür forumların mədəni irsin qorunmasında, mədəniyyətlərarası dialoqun güclənməsində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsində mühüm rol oynadığını qeyd edib, İtaliyanın Avropada ən zəngin mədəniyyətə malik ölkələrdən biri və Azərbaycana dost ölkə olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq bildirilərək, qeyd edilib ki, bu gün Azərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə çatmasında ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Söhbət zamanı, münasibətlərimizin inkişafında parlamentlərin də vacib rolu diqqətə çatdırılıb. Son illərdə Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yarandığı qeyd edilib.

Söhbət zamanı Milli Məclisin sədri parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsi, Azərbaycanın evsahibliyi edəcəyi COP29 kimi möhtəşəm tədbirin əhəmiyyəti barədə də fikirlərini bölüşüb.

Spiker Sahibə Qafarova görüşdə, həmçinin bəzi Qərb strukturlarında müşahidə olunan ikili standartları və ölkəmizə qarşı qərəzli mövqeyi tənqid edib. O, xüsusilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini pozmağa və bölgədəki maraqlarını həyata keçirməyə çalışması haqqında məlumat verib.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Qonaq müasir Azərbaycanın inkişafı və qazandığı uğurlar, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, COP29 kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


metbuat.az.