METBUAT.AZ

Araşdırma

Səfəvilərdən günümüzə çayxanaların tarixi -

4 May 2024 09:01

Azərbaycanda qədimdən indiyədək kişilərin yığıncaq yeri sayılan çayxananın tarixi Səfəvilər dövrünə qədər gedib çıxır.

Metbuat.az bildirir ki, Səfəvilər dövlətində mövcud olan qəhvəxanaları müasir çayxanaların sələfi saymaq olar. İlk qəhvəxanalar şəhərlərarası yolların kəsişməsində, daha sonralar şəhər daxilində yaranıb. Karvan yollarının kənarında su quyuları, namazgahlar və dincəlmək üçün kiçik yerlər təşkil olunurdu. Qəhvəxana da eyni məqsədə xidmət edirdi.

Şəhərdaxili ilk qəhvəxanalar məscidlərin yaxınlığındakı qiraətxanalar sayılırdı. Müsəlmanlar məhz burada oturaraq namaz vaxtını gözləyirdilər. Zaman keçdikcə onların sayı artaraq məhəllələrdə yaranır, daha sonralar isə iri şəhərlərdə həmyerlilərin görüşdüyü qəhvəxanalar meydana gəlir. Bura müsəlman kişilərin məsciddən kənar toplaşdığı məkan idi. Bazar əsrlər boyu insanların görüş yeri sayılsa da, orada oturub saatlarla söhbətləşmək olmurdu.

Qəhvəxananın çayxanaya çevrilməsi beynəlxalq aləmdə və ölkə daxilində gedən siyasi-iqtisadi proseslərlə bağlı idi. Böyük coğrafi kəşflərlə başlayan müstəmləkəçilik siyasətinin XIX əsrdə güclənməsi, ingilislərin çay və qənd ticarəti insanların qidalanma zövqünü dəyişdirdi. Yaşıl çaya nisbətən ucuz satılan qara çay qəhvəni əvəz etdi. Çaya tələbat artdıqca əhali arasında “qəhvəxana” ifadəsi ilə yanaşı, “çayxana” sözü də işlənməyə başladı.

Zaman keçdikcə çayxanalar siyasi mahiyyət kəsb etdi. Səyyahlara görə, Səfəvilər dövründə ölkəyə gələn xarici qonaqlar, diplomatlar da çayxanaya dəvət olunurdular. Xalq üsyanlarının təşkilatlanmasında mühüm rol oynayan çayxanalar siyasi mərkəz kimi qiymətləndirilirdi. Bu kimi halların qarşısını almaqdan ötrü ayrı-ayrı dövlətlərdə xəfiyyə orqanları işə salınırdı. Bəzən çayxana sahibləri özləri, bəzən isə müştərilər arasına göndərilən şəxslər burada xəfiyyə xidmətini yerinə yetirirdilər.

Ətraflı Baku TV-nin süjetində:



metbuat.az.