METBUAT.AZ

Siyasət

"Şuşanın azad edilməsi düşmənin belini qırdı" -

14 May 2024 15:12

“Otuz iki ildən sonra şuşalıların öz doğma şəhərlərinə qayıdışı tarixi hadisədir. Qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri oldular”.

Bu fikirləri Metbuat.az-a millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində böyük iz buraxıb və bu şəhər xalqımızın əyilməz ruhunun rəmzidir:

“Mayın 10-da Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu gün bütün dünyada Azərbaycanın oğulları haqqında danışıb, xalqımıza hörmət edirlər. Çünki Azərbaycan xalqı, dövlətimiz öz haqqını danışıqlar kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa edərək şəhərləri, kəndləri azad etdi. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşib. Ölkə başçısı vurğulayıb ki, mənfur düşmən düzgün hesablamalar aparmayıb. Onlar hesab edirdilər Azərbaycanın torpaqlarını əbədi işğal altında saxlaya biləcəklər. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Təbii ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.

Şuşada genişmiqyaslı quruculuq işlərinin aparıldığını diqqətə çatdıran millət vəkili qeyd edib ki, bütün görülən işlər Şuşanın ənənəvi memarlıq üslubunda inşa edilməkdədir:

"Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Görülən işlər ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə əbədi yaşamağa qayıdırlar və bundan sonra Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.