20 May 2024 15:29
Bu gün Volodimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti bitir. 2019-cu ilin mayın 20-də vəzifəsinin icrasına başlayan Volodimir Zelenski bu gün Ukraynada yeni prezidentin andiçmə mərasimi keçirilməli idi, lakin ölkədə prezident seçkiləri elan edilməyib.
Ukrayna Konstitusiya Məhkəməsi (KM) Ali Radanın keçmiş spikeri, xalq deputatı Dmitri Razumkov qeyd edib ki, prezidentin səlahiyyət müddəti ilə bağlı heç kim KM-ə müraciət etməyib. Qarşıdan isə iyunda İsveçrədə keçiriləcək "Ukrayna sülh formulu"na hazırlıqlar davam edir. Bu müzakirələrdə Zelenskinin statusu məsələsi də gündəmdə ola bilər.
Vəziyyət ilə bağlı Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı Metbuat.az-a müsahibə verib:
Akif müəllim, Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddətinin bitməsi hakimiyyət daxilində gərginliyə səbəb olacaqmı?
Hazırda Ukraynada vəziyyət bir qədər aydınlaşmaq mərhələsindədir. 2014-cü ildə edilən cəhdlərdən sonra 2022-ci ildə yenidən başlayan və hələ də davam edən yeni mərhələ başladı. Amma hazırda Ukrayna üçün yaxşı bir vəziyyət gözlənilmir. Ukrayna xalqı torpaqlarını müdafiə etmək üçün mübarizə aparsa da, görünən odur ki, mütəffiqlər Kiyevin arxasında söz verdikləri kimi dayanmadılar. Zelenskinin açıqlamalarından da bəlli olduğu kimi, artıq Ukraynan silah arsenalı zəifləyib, Qərb vəd etdiyi silahları göndərmir.
Amerika dövlət katibi Antoni Blinken səfəri əsnasında müəyyən vədlər versə də, bu müharibənin Ukrayna üçün bir sonu yoxdur. Hesab edirəm ki, tutulan yol yanlışdır.
Bildiyiniz kimi, iyun ayında dünya liderləri ilk “Ukrayna Sülh Sammitində” müzakirələrə başlayacaqlar. Necə düşünürsünüz, bu müharibənin Ukraynanın xeyrinə həll olunmasına şərait yarada bilərmi?
Maraqlıdır, İsveçrədə Rusiyanın iştirakı olmadan sülh konfransı çağırıblar. Əgər müharibənin bir tərəfi Rusiyadırsa, digər tərəfi Ukraynadır. Rusiya olmadan necə sülh variant tapmaq olar?. Deməli, yenə də oyunbazdıq olacaqdır. Yenə də Ukraynanı müharibəyə həvəsləndirib, qırğınlara, dağıntılara məruz qoyacaqlar. Çox təəssüf ki, perspektivdə Ukraynanın bölünməsi görünür. Rusiya ciddi müqavimətə rast gəlmədən Xarkov istiqamətində irəliləyir. Xarkovun hətta Odessanın götürülməsi də an məsələsidir.
Zelenskinin prezidentlik müddətinin bitməsi ilə əlaqədar yeni seçkilərin keçirilməsinin elə də əhəmiyyəti yoxdur. Amma Qərb dairələrində olan fikirlərə görə, onlar Zelenskini dəyişmək barədə düşünürlər. Qərbin də artıq müəyyən mənada maddi vəsaiti tükənir. Onlar davamlı şəkildə Ukraynaya həm maddi vəsait, həm də silah sursat göndərməkdə maraqlı görsənmirlər.Hətta bu məsələdə Qərb ölkələri arasında da müəyyən qarşıdurma da yaranıb. Ona görə də böyük ehtimalla Qərb də artıq hansısa şərtlər daxilində sülh müqaviləsi imzalanmasında maraqlıdır.
Akif müəllim, Ukraynada "Koreya ssenarisi" üzrə barışıq danışıqları mümkün ola bilərmi?
Bilirsiniz, Avropa dövlətlərinin bəzi rəhbərlərindən Ukrayna rəhbərliyinə qarşı müəyyən təzyiqlər var. Onlar Kiyevdən Rusiyanın işğal etdiyi əraziləri Moskvanın ixtiyarına buraxmağı istəyirlər. Düşünürlər ki, Ukrayna da əlində qalan ərazilərlə kifayətlənməlidir. Ümumiyyətlə, Amerikanın belə bir yanaşması var. Belə münaqişələrdə ərazinin bir hissəsini verib, yerdə qalan hissəsinə hakim olurlar. Analoji vəziyyət Gürcüstanda da baş verib. Gürcüstanın Abxaziya və Cənubi Osetiya hissəsi Rusiya tərəfindən zəbt olundu. Yerdə qalan ərazini isə Qərb nəzarətə götürdü. Ukraynada da belə ola bilər
Belə bir şəraitdə, yəni Zelenskinin prezident qalıb - qalmamasından asılı olmayaraq, Ukraynanın böyük ehtimalla bölünməsi məsələsi gündəmdədir. Ən azından faktiki bölümü artıq baş verib. Çünki Ukraynanın ərazisinin bir hissəsi qeyri-rəsmi olsa da Rusiyanın nəzarətindədir. Amerikanın planı budur ki, həmin qeyri-rəsmi hissəni Rusiya üçün rəsmiləşdirib, geridə qalan hissədə isə nəzarətlərini davam etsinlər.
Çox təəssüf ki, vəziyyət ona doğru gedir. Ola bilər ki, "Koreya ssenarisi" üzrə barışıq mümkün olsun, amma bir-birinə zidd olan rejimlər yaradılsın. Ukraynanın iki hissəsində bu mümkün görünür.
Gülbəniz Hüseynli / Metbuat.az