10 May 2024 12:30
“Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib”.
Bu fikirləri Metbuat.az-a millət vəkili Cavid Osmanov deyib. Deputat vurğulayıb ki, Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi:
“Hələ Sovetlər dövründə ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı naminə mühüm siyasi qərarların verilməsinə nail olmuşdur. Eyni zamanda xalqın milli mədəni dəyərlərinin qorunub saxlanması da Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan dili ilə bağlı tarixi təşəbbüsü milli dilimizin qorunub saxlanması üçün atılan çox böyük və qətiyyətli addımı olub.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub”.
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürdüyünü bildirən millət vəkili qeyd edib ki, Ulu Öndər həmin illərdə ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb:
“Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunmasın əsası qoyuldu.
Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, uğurlar əldə olundu. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan geosiyasi imkanlarını gerçəkləşdirməyə başlayıb, Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılıb.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilib. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub”.
Gülbəniz Hüseynli / Metbuat.az