23 May 2024 16:14
"Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler Ermənistana səfəri çərçivəsində mayın 22-də parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına səsləndirdiyi bir sıra ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hədəfə alan bir addımdır".
Bunu Metbuat.az-a millət vəkili Kamilə Əliyeva deyib. Deputat bildirib ki, o əmindir ki, Vislerin bu çıxışı Fransa prezidenti Emanuel Makron tərəfindən hazırlanıb:
“Öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş cırtdan bir dövlətin rəsmisinin çox məsuliyyətsiz fikir söyləməsi də təsadüfi deyil. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qəbul etməsindən sonra onun bu “fədakar çıxışı” Vislerin başqasının əlində oyuncaq olmasının sübutudur. Visler unudur ki, Prezident İlham Əliyev Qarabağın statusunu müəyyənləşdirib və heç bir dövlət bunu müzakirə etmək hüququna malik deyil.
Visler iddia edir ki, guya Qarabağda 100 mindən çox erməni zorla qovulub,ermənilərə məxsus dini tarixi abidələr məhv edilib. Bütün dünya ictimaiyyəti Qarabağa səfər zamanı ermənilərin və havadarlarının bu cür çıxışlarının əsassız olduqlarını müəyyənləşdiriblər. Bəs nə üçün bu dırnaqarası siyasətçi, ermənilərin 30 il Azərbaycanın torpağı olan Qarabağda əsl vəhşilik törətməsi barədə heç vaxt səsini çıxartmadı?
Görəsən, doğrudanmı Visler bunu görmürdü? Hesab edirəm ki, Ermənistan parlamentindən üçüncü bir dövlətin regionda baş verən proseslərə bu cür cəfəng, qərəzli və uydurma fikirlər söyləməsi Ermənistan rəhbərliyinə heç bir fayda verməyəcək”.
Gülbəniz Hüseynli / Metbuat.az