METBUAT.AZ

Siyasət

“Zatulin əslində erməni kilsəsi ilə alban kilsəsinin fərqini bilmir” -

31 May 2024 14:12

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib.

Metbuat.az-ın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və Qarabağ klanına dəstək verən başlıca müzakirə platformasıdır:

“Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır. Həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirib.

Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil. Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur”.

Politoloq qeyd edib ki, o Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmir. Sadəcə mövzunu həmkarı Karasin vasitəsilə gündəmə gətirib ki, bu Azərbaycanda etiraz doğurmasın”.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa Metbuat.az-a deyib ki, Zatulinin fikirlərini şərh etməyə dəyməz:

“Zatulinin qərəzli mövqeyi hamıya bəllidir. O əslində erməni kilsəsi ilə alban kilsəsinin fərqini bilmir. Çünki dini bilgiləri aşağı səviyyədədir. Əgər bilsəydi, görərdi ki, böyük bir fərq var. Fikrimcə, Zatulinin açıqlamaları problemi anlayan insanlar üçün o qədər də dəyərli informasiya kimi qiymətləndirilə bilməz”.

Fazil Mustafa qeyd edib ki, Zatulinin bu açıqlamaları təxribat xarakterlidir:

“Azərbaycan nə alban abidəsinə, nə də erməni abidəsinə toxunmur. Əgər toxunsaydı, Bakının mərkəzində erməni kilsəsinin mövcud olmasına imkan verməzdi. Deməli, Azərbaycanın belə bir problemi yoxdur. Biz bu istiqamətdə gördüyümüz işlərimizi daha davam etdirməliyik. Toleranlığı özümüz üçün edirik, başqaları üçün yox”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.