METBUAT.AZ

Sosial

AA

11 İyun 2024 11:48

Son vaxtlarda sosial şəbəkələrdə "yeməli" təbaşir, gil kimi məhsullar satılır. Bununla bağlı müxtəlif səhifələr, elanlar mövcuddur. Bəs, bu "qidaları" insanlar hansı məqsədlə alır? Onların insan orqanizminə zərərləri nədən ibarətdir?

Metbuat.az məsələni araşdırmaq üçün əvvəlcə bu cür məhsullar təklif edən satıcılardan biri ilə əlaqə saxladı. Bildirildi ki, bu məhsulları əsasən hamilə qadınlar və anemiyadan əziyyət çəkənlər alırlar. Təbaşir və gilin kiloqramı isə 13 manata satılır.

Mövzu ilə bağlı saytımıza danışan terapevt Sübhan Hacıyev bildirdi ki, təbaşir, gil və digər qeyri-qida məhsullarının yeyilməsi “pika” sindiromu adlanır.

"Pika sindiromu daha çox dəmir çatışmamazlığı, qan azlığı olan insanlarda rast gəlinir. Bu xəstəlikdən əziyyət çəkən insanlar bir çox hallarda hamilələr, yeniyetmələr və xanımlar olur. Amma bir çox kişilər də var ki, dəmir çatızmamazlığından əziyyət çəkir.

Dəmir çatışmamazlığı və qan azlığı olan insanlarda pika sindromuna meyillilik artır. Bu vaxt qeyri-qida məhsullarının yeyilməsi hallarına rast gəlinir.

Uşaq yaşlardan böyüyənə qədər bu davam edə bilir. Lakin pika sindromu insan orqanizmi üçün təhlükəli haldır. Buna adi hal kimi yanaşmaq olmaz. Çünki qeyri-qida məhsullarının qida kimi qəbul olunması, mədə bağırsaq və qara ciyər xəstəliklərinə yol aça bilər. Çox tez bir zamanda ağır fəsadların yaranmasına səbəb olur".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.