15 İyun 2024 13:36
“Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. İnanıram ki, Türk Dövlətləri Təşkilatının iki mühüm ölkəsi olan Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlər və yeni layihələrlə daha da inkişaf etdiriləcək”.
Bunu Metbuat.az-a açıqlamasında Türkiyə Cümhuriyyəti AK Partiya millət vəkili Yavuz Subaşı deyib. Müsahibimiz qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin yaxın dostluğu və möhkəm iradəsi sayəsində iki ölkə “bir millət, iki dövlət” prinsipi ilə münasibətlərini yüksək səviyyədə davam etdirir:
“Azərbaycan və Türkiyə arasında qardaşlıq bağları və bir çox sahələrdə əməkdaşlıq inkişaf etməkdədir. İki qardaş ölkə arasında ticarət həcmi ilk dəfə 2023-cü ildə 7,5 milyard dollara çatıb. Qarşılıqlı investisiyalar 34 milyard dolları ötüb. Türkiyə podratçı şirkətləri bu günə qədər Azərbaycanda təxminən 19 milyard dollar dəyərində 526 layihə həyata keçirib.
Azərbaycan-Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri,Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri, qazın Türkiyə və Avropaya nəqlini təmin edən TANAP, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xətti mühüm və strateji layihələrdəndir”.
Yavuz Subaşı vurğulayıb ki, iki ölkəni avtomobil və dəmir yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin qısa müddətdə başa çatdırılması gələcək planlara daxildir:
“Hər iki ölkə liderinin prinsipial və güclü rəhbərliyi ilə bu dəhliz ən qısa zamanda açılacaq.Azərbaycanın 1991-ci ildə elan etdiyi müstəqillik konstitusiyada hüquqi formada qorunub saxlanılır. Bu münasibətlə dost və qardaş Azərbaycanda yaşayan soydaşlarımızı Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbrik edirəm”.
Gülbəniz Hüseynli / Metbuat.az