20 İyun 2024 13:02
Sabunçu rayon məhkəməsində türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlunu maşınla vurub öldürməkdə təqsirləndirilən, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş şəxsin nümayəndələri prosesdə vəsatət qaldırıblar:
Vəsatətdə mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsi əksin tapıb.
Məhkəmə qısa müşavirədən sonra zərərçəkmiş şəxsin vəkillərinin vəsatətləri ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, vərəsələr tərəfindən zərər ödənilmədiyindən verilmiş mülki iddia icraata qəbul edilib, lakin təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması ilə bağlı vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.