METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda dollara tələb kəskin artdı -

29 İyun 2024 14:21

Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının Dövlət Neft Fondu ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 598,8 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə bu ay isə valyuta satışının məbləği 581 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,4 dəfə çoxdur. Bəs, dollara tələbatın artmasının arxasında hansı səbəblər dayanır?

Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı Elman Sadıqov deyib ki, dolların qiymətinin artmasına əsas səbəb mövsümi amillərdir:

"İl ərzində dollara olan tələb yanvar, avqust, iyun aylarında daha çox artıb. Bu, eyni zamanda büdcədən transferlərlə, həm də ilin əvvəlində və sonunda idxalın artması ilə bağlıdır. O cümlədən Novruz bayramı da rol oynadı. Yay aylarında isə artımın əsas səbəblərindən biri əhalinin daha çox xarici ölkələrə səfər etmələridir.

Bəzən istisnalar olur. Xüsusilə, devalvasiya dövründə manata olan güvənin azalması nəticəsində il ərzində artım müşahidə etdik. Amma o, istisnadır. Daha çox qeyd olunan aylarda artım müşahidə olunur.

İqtisadçının sözlərinə görə, dollara tələbin artmasına digər səbəb de-dollarizasiyanın baş verməsidir:

"Son 3-4 il ərzində əhalinin manata olan güvəninin artması nəticəsində de-dollarizasiya baş verib. Yəni, əhali öz dollar depozitlərini manata çevirib.

Üçüncü əsas amil Qarabağda aparılan tikinti, quruculuq, abadlıq işləridir. Bu, böyük vəsaitlər deməkdir. Təbii ki, bir hissəsi xaricdən mal alışları və xarici valyuta çıxışıdır. Bunun özü də valyutaya müəyyən tələb formalaşmasında önəmli rol oynayır".

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.